Cins xüsusi kultural və ictimai paradiqmalar əsasında insanlar tərəfindən yaradılmış fenomen olub, insanların bir arada yaşamasını nizamlayan amillərdəndir. İndividumlar klassik ikili cins anlayışını, cəmiyyət tərəfindən cinslərə yapışdırılmış müəyyən normaları dayanmadan, şüurlu olmadan təkrar edir və beləliklə, genderləşdirilmiş güc sistemi yaranır. Bu güc sistemi içərisində isə sosial cinsin varlığını bioloji cins şərtləndirir.
Karin Hausen özünün “cinslərin xarakterlərinin qütbləşməsi” yazısında tənqidi mövqedən çıxış edərək bildirir ki, tarix boyunca sənayeləşmə dövrünə qədər klassik qadın və kişi anlayışına onların xarici göstəricilərindən çıxış edərək cinslərə xarakter yüklənməyə başladılıb. Bioloji göstəricilərə onun daxili göstəricilərinin təzahürü kimi baxılıb. Ona görə də “kişilik” anlayışı çöl, aktivlik, enerji, güc, əzimlilik, asılı olmamaq, təklifedən olmaq, şiddət, rasional, şüur, düşünmək kimi sözlərlə assosiasiya edildiyi halda, “qadınlıq” ev, passivlik, gücsüzlük, vermək, asılı olmaq, qəbuledən olmaq, sevgi, emosional, hisslər, anlamaq sözlərilə xarakterizə edilib. Tarix boyunca cinslərin qütbləşdirilməsi, iki yerə bölünməsi müəyyən ictimai birgəliyi təmin etmə məqsədini güdüb. Cinsləri xarakterləşdirib onu əsas meyar kimi götürərək individumu bu əsasda qiymətləndirmək patriarxal düşüncəsi bəsləməkdən başqa bir şey deyildir.
Bir neçə müddətdir önümə Orxan Adıgözəlin klassik cinslərarası münasibətləri müqayisə edən silsilə yazıları çıxır. Adıgözəl klassik cins anlayışları arasındakı münasibətlərdə problemin niyə yaranmasının həlli yollarını göstərməyə cəhd edir. Amma eyni zamanda yeni cihazın istifadə qaydasını göstərən bir kitabça təəssüratı bağışlayan yazılar klassik anlamda ideal qadın və ideal kişi anlayışlarına tərif verməyə çalışır. Düzü, yazılarında, o, klassik cinslərarası münasibətləri təsvir edir, ancaq burada sərt seksist (“seksizm” hər hansı bir sosial cinsə aid olma səbəbindən yaşanmış diskriminasiyanın bir növüdür) düşüncələri geninə və boluna sərhədsiz istifadə edir. “Necə olmalıdır ideal qadın? Necə olmalıdır ideal kişi? Bəs qadınlar nə istəyir?” səpkisində suallar verərək illərdəndir qadın hərəkatının çalışıb qan-tər içində bu ağacı kökündən dartıb çıxaran təki klassik baxışları rədd edən feministlərin əməyini kağız parçası kimi əzib bir kənara atır. O, qohumluq əlaqələri, dini inanc və s. kimi sosial konstrukt (sosial münasibətlərin tənzimlənməsi məqsədilə insanlar tərəfindən yaradılmış ictimai fenomen) olan və bütün cinslər arasında assimmetrik güc bərabərsizliyini ayaqda saxlayan, hətta daha da dərinləşdirən klassik biner (ikili) cins anlayışını bu yazılarla daha da qaraguruh bir vəziyyətə salır. Yazıların müəllifi illərdir “qadın” anlayışına, “kişi” anlayışına tərif axtaran insanları tozda qoyub, oyunun çətinlik səviyyəsini iki dəfə artıraraq, “ideal qadın” və “ideal kişi” məfhumlarına tərif vermə axtarışına düşür.
Qaş düzəldən yerdə göz çıxaran Adıgözəl öz “ideal qadın” yazısında “qadınlarda universal keyfiyyətlər”in olduğunu iddia edib, “savadsız, aciz, “başıaşağı”, sözəbaxan, evində oturub bozbaş bişirən “yaxşı qız” “ideal””ına yuxardan aşağı baxaraq “adekvat kişinin arzuladığı qadın fəal və ağıllı xüsusiyyətlərə malik” olmalıdır iddiasını irəli sürür. Get-gedə mətndə “sevgi“, „harmoniya“, „rahatlıq” kimi klassik qadın anlayışını təsvir edən kəlmələr işə düşməyə başlayır. Sonra iki cinsin bir-birindən asılılığını vurğulayıb “boş yerə deyilməyib ki, hər bir güclü kişinin arxasında, güclü bir qadın yer alır” fikri ilə ideal qadın xüsusiyyətlərini sadalamağa başlayır. Bəli, boş yerə deyiblər…
“Güc”-“kişi”, “arxa”-“qadın” sözləri məhz “ideallığı” təsvir edəcək kontekstdə istifadə edilməli idimi?! Niyə kimsə kiminsə yan tərəflər, əsasən də sol tərəf varkən, önündə, ya arxasında durmalıdır? Bu iyerarxik düşüncə hardandı belə? Sonra “öz üzərinə kişinin vəzifə və öhdəliklərini götürən qadın” haqqında danışır. Bu hissədə isə “belə şeylər çox vaxt kişilərin məsuliyyətsizliyi və şəxsi xarakterlərindəki boşluqlara görə” deməklə klassik kişi və qadın anlayışları arasında necə neqativ mənada fərqliliklər qoyduğunu sezmək heç də çətin deyil – qadın qəbuledən, kişi təminedən tərəf…” Kişi ola-ola, qadın kişinin etməli olduqlarını etməyə başlayır” ilə birbaşa klassik kişi anlayışı “şəxsi xarakterdəki boşluq” damğasını yeyir və “kişilik” anlayışına xələl gəlməsi kimi başa düşülür. “Kişilik” anlayışını toxunursuzlaşdırmaq əvəzinə o anlayışa xələl gətirən sosial normaları götürüb təhlil edərək onu pisləmək bu kontekstdə problemləri həll edəcək sağlam düşüncə olmazdımı? Ov ovlayan, od qoruyan dövrdəmi yaşayırıq ki, insanlararası münasibətlər bu düşüncə üzərində qurulsun? Onun fikrincə, cütlüklər arasında vəzifə cəhətdən yerdəyişmə gedirsə, münasibətlər korlanmağa başlayır. Elə problemin özü o zaman başlamırmı ki, cins anlayışı üzərinə hansısa vəzifə anlayışı möhürlənir?! Əslində münasibətləri korlayan problemlər sosial normaları düzgün yerinə yetirmədikdə buradan yaranan qıcolma prosesindən doğur. Sosial konstrukt olan klassik cinslərə verilmiş öhdəliklər premodern dövrdə birgəyaşamı asanlaşdıran bir hal kimi qəbul edildiyi üçün indiki dövrdə bunun əsas meyar olaraq götürülməsi gülüncdür.
Baxımlı qadın… Dəbə uyğun qadın… Baxımlı qadın hissəsi ən əyləncəli bölməsidir yazının. Klassik qadın yenə seks obyekti kimi qələmə verildi… Kapitalist istehlak cəmiyyətlərinin dörd əllə yapışıb ayaqda saxladığı klassik gözəllik anlayışı donuna bürünmüş qadın həmişə özünü bu etalona istiqamətləndirməlidir ki, ictimai qəbulluq qazansın, xoşa gəlsin. Qaldı ki, gigiyena hissəsinə, məncə, bunu ifadə etmək üçün cinsi vurğulamağa ehtiyac yox idi. Hər kəsin “…malı(4)”larından biridir.
“Qadınlar nə istəyir?” Yazısında isə qadının “sakral” sosial vəzifəsi olan doğuş maşını funksiyası vurğulanaraq, hətta özünə genefond axtarması tələb edilir. Sonra emosionallıq, pul və sair.
Əgər mətnlərin yazarı “savadsız, aciz, başıaşağı, sözəbaxan, evində oturub bozbaş bişirən yaxşı qız”-a qarşıdırsa, bu keyfiyyətləri qəbuledilən hesab etmirsə, o zaman Karin Hausenin tərifini verdiyi cinslərin xarakterlərinin qütbləşməsinə də qarşı olmalıdır. Məntiqi olaraq. Amma klassik “Qadınlıq” və “Kişilik” anlayışını müdafiə edib başıaşağı, sözəbaxan, evində oturub bozbaş bişirən “yaxşı qız” “idealı”nı inkar etməsi ziddiyyətlidir. Yazıdakı ikilistandartlığın nəyə varmaq istədiyi anlaşılır deyil.
Onun “İdeal kişi” yazısında “münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilir” vurğulanır. Axı bu xarakter klassik qadın anlayışı qütbləşməsindəki xarakteristikaya ziddir. Bu fikir dominantlığı özündə doğuşdan qazanılan fəhm olduğuna inandırılaraq sosiallaşdırmış “kişilik” anlayışının çətin ki boğazından keçə.
Fransız filosofu Jacques Derridanın fikrincə, klassik düşüncə əsaslı şəkildə bir-birinə qarşı tərəf düşüncələri əsasına dayanır və bu bir-birinə qarşı olan tərəflər həmişə dixotom şəkildə işləyir, yəni bir birinə qarşı olan tərəflər arasında birincisi sərt sərhəd müəyyənləşdirilir, ikincisi “ya…ya da…” məntiqi olur. Misal üçün təbillik və sünilik, saflıq və qarışıqlıq, norm və normdan cayma, Heteroseksuallıq və Homoseksuallıq, Maskulinlik və Femininlik və sairə göstərmək olar. Klassik fəlsəfi anlamda bu bir-birlərinə qarşı olan tərəflər sülh şəraitində deyil, şiddətli iyerarxik olaraq mövcudluqlarını davam etdirirlər. Bu iki bir-birlərinə qarşı olan ifadələrdən biri digərinə hökmranlıq edib, biri digərindən üstdə dayanır. Belə bir iyerarxik dixotomiyada mövcud olan düşüncə tərzini Derrida “loqosentrizm” adlandırır. Loqosentrik düşüncə heç zaman hər iki tərəfi eyni dərəcədə bərabər görmür və bir anlayış digərini əzən olacağı fikrini müdafiə edir. Bu baxımdan klassik anlamda xarakterizə edilən ikili cins anlayışının özünü problemi inkişafetdirən motivator olaraq görmək olar.
Deməyə çalışdığım odur ki, klassik cins anlayışı müəyyən maraqlar uğruna yaradılmış bir hadisədir və bir anlayış digərini iyerarxik münasibətdə görür. Amma bu hadisə bir halda ki, yaradılıb, deməli, dəyişiləbiləndir.
Cinslər arasında fərqlərin olduğunu iddia etdikcə, onların hərəsinin özünün mütləq ki, ictimai rollarının və bu rolların bir hissəsi olan vəzifələrinin mövcudluğunu müdafiə etdikcə, cəmiyyətin heç bir sferasında eynidəyərli irəliləmə baş verməyəcək. Niyə bu klassik cinsi əsasda xarakterikləşdirilmiş ictimai vəzifələrin əhəmiyyətsizləşdirilməsinə çalışaraq insanlararası münasibətlərin təsvir edilməsinə cəhd edilmir? Əgər yazar klassik qadın və kişi anlayışlarını həm də bu qədər alçaldıcı şəkildə təqdim etməyə çalışdığı zaman əvəzinə, əslində bu rolların bölüşdürülməsinin və bundan doğan rahatsızlıqların fəsadlarının nə qədər ayrıseçici olduğunu vurğulasaydı, bu, onun yazıda göstərdiyi problemlərin birbaşa həlli olardı.
İkili cins anlayışı, yaradılmış cinsi əsasda rollar və onlardan gözləntilər tamamən uydurma bir mövzudur. Cins insanın koqnitiv fəaliyyətinə, xarakterinə, istəyinə və seçimlərinə təsir edəcək amil kimi qabardılmamalıdır. Sizcə, “ideal yaşıl göz insan?” ya da “yaşılgöz insanlar nə istəyir?” başlığında yazı necə səslənir? Gülünc. Eyni məntiq cins anlayışına da aiddir (Orxan Adıgözəlin yazılarının adına müqayisəli). Əgər bir mövzu təhlil ediləcəksə, cins anlayışı əsas amil kimi götürülməməlidir.
Əgər klassik cins sistemi içərisində bir anlayışı tənqid etmək istəyirsinizsə, mövzu olaraq, məsələn, klassik “kişi” kimi sosiallaşdırılmış bir insanın əsgərliyə getməməsinin heç bir statusla əlaqəli olmamasından, klassik “qadın” kimi sosiallaşdırılmış insanın onsuz da cəmiyyət tərəfindən məqbul sayılan evlənməsində iqtisadi və sosial durumunun qabardılmasının iyrənc rasionallıq olduğundan danışa bilərsiniz… Yox, əgər insanların xarakterinə bir töhfə vermək istəyirsinizsə, o zaman insan cinsini əsas amil olaraq götürmədən anlayışını təhlil etməyiniz məqbuldur.
Bu qədər insanın maraqlarının müxtəlif, rəngarəng, çoxçeşidli, yaradıcı keyfiyyətləri olduğu halda, 8 milyard insanı ikicə cinsə ayırıb, buna görə xarakterizə etmək elə problemin çıxış nöqtəsidir. Klassik seksist fikirləri ağuşuna almış yazarın xarakterləşdirməsini nəzərə alsaq, alternativ belə olmalıdır.
Dəyişimyönümlü, sağlam insanlararası münasibətlərin inkişafına töhfə verməyin təməli seksist olmayan düşüncələrdən keçir. Seksist olmamaq klassik cins anlayışlarını kənara qoyub cinsi normlar üzərində qurulmuş gözlənti və davranışları inkar etməkdən keçir. Seksist olmamaq “kişi ola-ola” ifadəsini çəkinmədən yazıb rolların dəyişdirildiyi halda bunun “kişilik” statusuna xələl gəlməsi halı kimi qiymətləndirməməkdir. Sexist olmamaq cinlərə sırıdılmış sosial rollara “yenidən” tərif vermək deyil, onun əhəmiyyətsiz olduğunu vurğulamaqdır və bu əsasda istənilən münasibətləri təhlil etməkdir. Seksist olmamaq cinslərin bölünməsində və yenidən xarakterizə olunmasını problem kimi görməkdir, çıxış yolu kimi yox. Kim cinsi bölüb xarakterizə edisə, onlar üçün cinslərin bərabərliyi sadəcə illuziyadır.
Biner cins sisteminə söykənən “qadınlıq” və “kişilik” anlayışı digər ayrı seçkiliklərə münbit şərait yaradan mənbədir. Insan anlayışını, onun istək, maraq, arzularını cins məfhumu çərçivəsinə həbs edib, o prizmadan xarakterizə etmək önəmsiz bir cəhddir, çünki problemin kökü elə həmən çərçivədir.