Ermənistanla Azərbaycan arasındakı vəziyyət nasional dövlətlərin qurulmasından bəri heç ürəkaçan olmayıb. Əvvəllər çoxmillətli, sülhsevər bir bölgə olan Cənubi Qafqaz təhrik edilmiş millətçiliyə görə yaxın keçmişdə tez-tez qan gölünə çevrilib. Bu gün də bunun şahidiyik. Bu, xüsusən Azərbaycanda Əliyev klanı ilə sıx bağlı olan Türkiyə ilə əlaqələr sayəsində daha da güclənib. Erdoğan “qardaş xalq”dan dəm vuran AKP-MHP rejimi ilə birlikdə Orta Şərqdəki müharibəni Cənubi Qafqaza da yaymağa çalışır. AKP-MHP rejimi illərdir Orta Şərq xalqlarına qarşı bir məhvetmə kampaniyası aparır, xüsusilə də kürd kimliyi onun üçün gözə batan bir tikandır.
Ermənilərə edilən soyqrım, lazlara qarşı qırğınlar, kürd və digər etnik azlıqların bir çox qırğınları Türk dövlətinin qurulmasının əsasını təşkil edib. Türkiyə bu siyasəti hələ də öz ölkəsində, ətraf ölkələrdə – Azərbaycanda da – davam etdirir. AKP-MHP rejimi milliyyətçiliyi alovlandırmaqla Ermənistanla Azərbaycan arasında mövcud olan xaricdən yaranan qarşıdurmadan istifadə edərək başqa bir məhvetmə siyasəti üçün özünə yeni bir cəbhə açır. Erdoğan Türkiyənin hər vasitə ilə dost və qardaş dediyi Azərbaycanın yanında olmağa davam edəcəyini vurğulamaqdan usanmaq bilmir: “Türkiyə Azərbaycan ərazilərinə edilən hücumlara qarşı heç vaxt addım atmaqdan çəkinməyəcək”. Erdoğan unudur ki, dost adlandırdıqları sadəcə iqtidarda olanlar və xalqın aldanmış millətçi hissəsinidir. Ancaq Azərbaycanda cəmiyyətin mübarizə aparan, azadlıqsevər təbəqəsi, xüsusən də gəncləri olduğunu yaddan çıxarır.
Azərbaycandakı və Ermənistandakı bütün mübariz və azadlıqsevər insanlar birlikdə ayağa qalxmalıdır
Azadlıq hərəkatı içərisində olan Azərbaycan və Ermənistan internasionalistləri olaraq Azərbaycan və Ermənistan gəncliyini əldə bir alət edilməyə qarşı durmağa və bütün xalqların azadlığı və öz müqəddəratını təyin etməsi üçün açıq bir nümunə göstərməyə çağırırıq! Əliyev Erdoğan rejimi ilə birlikdə Azərbaycan cəmiyyətinin azadlıq və sülhsevər ruhunu əlindən almağa çalışır, buna icazə verməyək! Əsrlər boyu erməni və azərbaycan xalqları birlikdə sülh şəraitində yaşayıblar. Nasional dövlətlərin yarandığı gündən və milliyyətçiliyin alovlandırılmasından bəri bu birlikdə yaşam məhv edilməyə çalışılır və insanlar öz ölkələrində xalqların deyil, kiçik bir güc elitasının və imperial güclərin faydalanacağı bir müharibəyə alət edilir. Biz müxtəlifliyin gözəlliyini görmək əvəzinə kapitalist Qərbdə olduğu kimi robotlar təki yalnız öz karyeralarını və öz üstünlüklərini düşünən və ya Əliyevlərin istədiyi kimi öz düşüncələrində millətçilik ilə məhdudlaşdırılmış gənclər olmaq istəmirik. Artıq biz özümüzü iyerarxik dəyərlərə, avtoritar qurumlara, patriarxal və kapitalist dəyərlərə əsaslanan cəmiyyətlərə qarşı – bütün vəhşiliklərə qarşı mübarizəyə həsr etməli və ona qarşı bir mövqe tutmalıyıq. Nə qədər ki rifah yalnız çox kiçik bir qrup insanın əlində cəmləşəcək, o qədər də millətçilik və nifrət onların öz siyasətinə və müharibəyə haqq qazandırmaq üçün istifadə edilən bir bəhanə olacaq. National dövlət anlayışı Cənubi Qafqaza yalnız əzab və ayrılıq gətirdi; bunun dəyişdirilməsi üçün bölgə xalqlarının müxtəlifliyini tanıyan və dinc birlikdə yaşamağa imkan verən yenidən düşünməni mümkün qılmaq labüddür. Azərbaycandakı və Ermənistandakı bütün mübariz və azadlıqsevər insanları birlikdə müharibəyə qarşı çıxmağa çağırırıq!