Azərbaycanlı feministlərin dirsəyi

Keçənlərdə sosial şəbəkədə Avstriyada yaşayan, əslən Livandan olan quranda gətirdiyi faktalarla qadına olan münasibəti təhlil və tənqid edən ateist feminist bir qadın çıxdı qarşıma. Marağımda olan mövzudur, onun üçün izləməyə başlamışdım. Üzərindən bir müddət keçəndən sonra onun Almaniyada qatı sağyönümlü partiya olan “AfD”nin mərkəzi bürosunda bir millət vəkili ilə özünün yeni kitabını sərgilədiyi bir postu gördüm. Başımdan qaynar su tökdülər elə bil. İldırım sürətilə blokladım həmən insanı. Bu hadisəni yazmaqda məqsədim var. Ey “kapitalizmin feminizmin inkişafına verdiyi töhvələr danılmazdır” deyən insanlar, yaxın əyləşin, bir iki kəlimə kəsmək istəyirəm.

Bir neçə gün öncə Cabir Aliyevin “Azərbaycanlı feministlərin “azadlıq məşəli”” başlıqlı yazısın oxudum. Məqsədinin nə olmasının qeyri-müəyyən, içərisində həqiqət barındırsa da qadına nifrət tonlarıyla yazılan, amalının nəyə çatmaq olduğu bəlirsiz, sanki Freydin bacısı oğlu ilə bağlı siqaret hadisəsini ilk oxuduğu anda yaranan eyforiya hissi ilə yolda getdiyi an əlüstü starbaksa girib, leptopun açıb tez fikirlərini sözlərə tökdüyü bir yazı idi o yazı. Çeynənib üfunət iyi verən Freydin ənənəvi “qadınların penis qısqanclığı” mövzusu elə ürəyinə yağ kimi yayılıb ki, yazıda ona yüngül olsa da eyham etmədən yan keçməyi özünə ar bilib, kapitalizmin feminizmi necə istifadə etməsindən danışır. Yəni Freyd, fallus söhbətlərindən girir, reklamdan çıxır. Deyir ki, kapitalizm öz reklamları ilə feminizmi aldatdı. Onlar da inandı. Hələ durub indi siqaret də çəkirlər. Sonra feminizmin siyasi, sosial mövzulardan yan keçib elə reklamlardakı seksist təsvirləri ovlamaqla kifayətlənən, qeyri-ciddi, dişsiz mövzu olduğunu bildirərək “belə olmaz, Aynur” deyərcəsinə barmaq silkələyən əda ilə hələ onların iqtidar marağındamı olduğunu sorğusual edir. Klassik gözəllik anlayışlarına da bir çiyin atıb, feminist fəaliyyətin nöqsanlarını da sayır Aliyev. Sonra özü də bilmir nə istəyir.

Xoşunuza nə gəlmir? Aliyev, narahat olmağa dəyməz, bu sual hələ lap çoxdan onsuz da verilib: Hansı tərəfdəsiniz? Oturub sadəcə məqsədlərimiz, arzularımız, düşüncələrimizin necə kapitalizmin legitimləşdirilməsi naminə istifadə olunmasınamı baxacaqsınız, ya buna qarşı mübarizə aparacaqsınız? Xəmiri istismar kəliməsi ilə yoğrulmuş, qarşısına çıxan hər şeydən gəlir əldə etməklə öz varlığını şərtləndirən kapitalizm feminizmi bir satış arqumenti kimi əlinə alaraq sinəsin irəli gərib var gücü ilə üstümüzə gərnəşdi. Kapitalizmə özünü modern və emansipasiyayönümlü kimi təqdim edə biləcək bir sıra simvolik vasitələr verdik. Əlbəttə, kapitalizm qadınlar üçün azadlığa ciddi imkanlar filan təklif etmir. Əksinə, bu cinsi iyerarxiyanın yeni formalarını yaradır əlinə düşən bütün fürsətlərin qanını içib buraxır. Söhbət yəni siqaret məsələsində phallusdan getmir. Yeri gəlmişkən bildirmək istəyirəm ki, Freydin bu düşüncələri dəfələrlə təkzib edilib. Məsələn, Freyd psixoanalizminə qarşı tənqidi yanaşmasını Christa Rohde Dachser özünün “Qaranlıq qitəyə səyahət” (Expedition in den dunklen Kontinent) adlı kitabında göstərib. O, bu yazıda Freydin qadınlıq mövzusunda tezislərini götürüb ideoloji-tənqidi təhlil edərək bu nəticəyə gəlir ki, psixoanaliz elə dominant cins ideologiyasının kateqoriyalarında ilişib qalıb və nəticə etibarilə qadınlığı bu patriarxal düşüncə nümunələri çərçivəsində, patriarxal baxış bucağından təhlil edir. Freydin psixoanalizmini lezbian bir perspektivdən tənqid edən Theresa de Lauretisin sözügedən mövzu ilə əlaqəli yazılarını oxumağa dəvət edirəm. O, öz yazılarında heteroseksual normativlər içərisində təsvir edilmiş “kişilik kompleksindən fərqli olaraq lezbian libidonu tam başqa şəkildə göstərir. Onun fikrincə, cinsəllik, edipal və ya yetkinlik mərhələsində müəyyənləşdirilmiş sabit bir quruluş kimi başa düşülməməlidir, əksinə subyektin daxili və xarici dünyasında mövcud təsadüflər və dəyişikliklər vasitəsilə müəyyənləşdirilmiş seksual strukturun açıq prosesi kimi qavranılmalıdır.

Qayıdaq reklam məsələsinə. Bacıoğlunun reklam kampaniyası işə yaradı, ona görə yox ki, “penis qısqanclığı” əsas səbəb idi, ona görə ki, kapitalizm „Empowertisement“dən necə istifadə edəcəyini yaxşı bilirdi. Bu söz ingilis dilində olan „Empowerment“„Advertisement“ sözlərinin birləşməsindən yaranıb. Yəni ki, reklam kampaniyaları insanlarda (təkcə Aynurlarda deyil, Cabirlərdə də) o təəssüratı yaratmalıdır ki, guya istehlak emansipasiyayönümlü bir aktdır. Məsələn,

Axı artıq qadınlar bişirməməlidirlərmesajı ilə hazır pizza istehlakı ev işlərində cinslərin özlərini rol bölgüsündə bərabər hiss etmələri təəssüratı yaratmalı idi. Yəni donmuş pizzanın yeyilməsi o zaman cəmiyyətdə qadınalara qadağan olsa idi, və bacıoğlu çıxıb pizzanı reklam elətdirsəydi, yenə də bu prinsip işə yarayacaqdı. Kapitalizmin istəyi bərabərlik, azadlıq, ədalətdirmi? Parça fabrikində işləyən bir qadın özünün tikdiyi və üstündə „Mən Feministəm“ yazısı olan bir T-shirt’ü ala bilməsi üçün 14 gün işləməlidir. Sizcə bu maraqlandırır T-shirt satanı? Onu maraqlandıran sadəcə gəlirdir. Qadina „Mən Feministəm“ Tshirt‘ünü 40 euroya soxub siyasi baxışın aktiv tərənnüm zırıltısı qazandırdığı kimi, digərlərinə də üstündə alma şəkli olan komputer aldırıb necə uğurlu bir fərd oluğunu simvolizə etmək, bunu status simvoluna çevirmək də kapitalizmin yadınnan çıxmayıb. Satış qurbanı olan yalnız feminizm deyil. Feminizmin istəyi qətiyyən bu deyil. Nə diyeta, nə klassik ideal gözəllik anlayışları. Özü də bu məsələ bütün digər cinslə aiddir. Ətrafınıza bir baxın. Klassik gözəllik anlayışlarının əsiri olan “bədən yığan, saqqalına sığal çəkən oğlanlar” azdırmı?! Hücum ediləcək tərəf varsa, o da kapitalistik oyunlardır. Bax elə bu söhbət yuxarıda göstərdiyim misala bənzəyir. Avropada islam dininin hökmran olduğu ölkələrdən gələn ateist qadınların nasionalistlər tərəfindən alqışlanıb səhnəyə dəvət edilərək instrumentallaşdırılmasına oxşayır bu. İnstrumentallaşdırmaq. Nasionalistlərin üçüncü dünya ölkəsi adlandırdıqları regiondan gələn bir qadının azadlıq istəkləri vecinlərinə deyil. Onları bircə yerli müsəlmanları necə “səhv çıxaracaqlarısualı maraqlandırır. Kapitalizmlə feminizm əlaqələndirməsində olduğu kimi.

Sözügedən mətni yazanın əsas problemlərindən biri odur ki, o, problemə səthi yanaşaraq tənqid edir, ancaq bunun qarşılığında məsələnin həlli yollarına dair yox dərəcədə sayılacaq fikirlər bildirir. Məsələn, tibbi siğorta. Kim azərbaycanda sırf “gələcəkdə mənə baxmayacaq” adı ilə qadın dölünü abort edir ki?! Bu kontekstdə onları başqa məsələ maraqlandırır: oğlan uşağına söyüş öyrədib, mümkün qədər insana onun cinsi orqanını göstərmək, şəklini çəkməklə gələn qürrələnmək hissini yaşamaq. Bu hissisakral hesab edilən murdar patriarxal “kişilik” anlayışı bəsləyir. Onsuz da oğlan uşaqlarının elədiklərinin nəticəsi əksər hallarda “ayıb” adı altında ailənin “şərəf və ləyaqətini” alçatmayacaq ki! Elə bu “şərəf”,“ləyaqət” və eyni səpkidə olan qeyri-müəyyən məzmunlu mənasız məvhumların problemidir.

Feminizm insanın düşüncələrinin əsasını təşkil edən siyasi bir yanaşmadır. Feminist fəaliyyət təkcə müxtəlif müsahibələrdə, kitabçaların, kitabların tirajlanmasında, tədbirbirlərin keçirilməsində deyil, yəni qısıdlanmış zaman və məkan anlayışı içərisində gerçəkləşmir. “Bu otaqda məsələni problemləşdirdik, yaxşı, bitti” rəftarı ilə bitmir. Feminist fəaliyyət özünü həm də evdə, işdə, küçədə, dostunla, yad insanla söhbətdə, seksdə, tualetdə, yeriyəndə, qısası, hər yerdə göstərir. Part time iş deyil yəni. Feminist fəaliyyət həyat tərzidir, düşüncənin onurğa sütünudur. Qadını kədər doğuran, miskin halda göstərən təsvirlərin və gözləntilərin hər şeyin tənqidi eynidərəcəli şəkildə vacibdir, labüddür. Heç bir iyrənc diskriminativ məzmunlu söz, şəkil, münasibət qəbul edilməzdir. Hamısı zibildir. Seksist reklam plakatlarının da, militarizmin də, millətçiliyin də, əsgər ölümlərinin də, əsgərliyə getməyin də, klassizmin2 də, parlamentarizmin də, avtoritar ilham hakimiyyətinin də, siyasi məhbuslara şiddətin də, selektiv abortun da, anti abortun da, istismarın da, namus qətllərinin də, cinsləri diskirminasiya edən dilin özünü də tənqid etmək, ovlamaq eyni dərəcədə labüddür. Bunlar bir-birini nə inkar edir, nə də qısıdlayır. Biri digərindən ayrı aparıla bilməz. Biz ictimai inqilab istəyirik. Heç bir şirkətdən, heç bir parlamentdən, heç bir partiyadan tərkibində işçilərinin cinsə görə sayını dəyişməklə miskin gündə olan qadın hüquqlarının qanunvericilik səviyyəsində dəyişib ümümi vəziyyətə tövhə verəcəyini gözləmirik. Biz ictimai inqilab istəyirik. Beyinlərdəki dəyişikliyi. Davranışlardakı dəyişikliyi. Hərəkətdəki dəyişikliyi. Danışıqdakı dəyişikliyi istəyirik. Bunun üçün kapitalizmi də, klassizmi də, militarizmi də, patrarxal dəyərləri də nəfəsimiz yetincə, əllərimiz qanayınca ovlayacağıq. Əsas məsələ, bəs siz necə, bizimləsinizmi?

2 Klassizm sosial vəziyyətlə əlaqədar ön mühakimə və diskriminasiyadır. Bu, “zəif” sosial sinif üzvlərinə qarşı yönələn bir davranışdır.

This entry was posted in Azərbaycanca. Bookmark the permalink.